2025-ci ilin mayın 20-si və 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti cənab Sadir Japarov, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev və TDT-nin baş katibi cənab Kubanıçbek Ömüralıyev iştirak etmişlər. “Şərqlə Qərbin görüş nöqtəsi” mövzusu altında təşkil olunan Qeyri-rəsmi Zirvə görüşü dövlət başçılarına prioritet sahələr üzrə əməkdaşlığı gücləndirmək, ümumi regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb. Bundan başqa, tədbirdə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsi qəbul edilib.
Ölkə başçısı cənab İlham Əliyev Qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunmuş və bu görüşün ölkəmiz üçün əlamətdar olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur ki, bu da ölkənin təşkilat içində artan təsirini göstərir. Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa arasında strateji keçid nöqtəsi olaraq ticarət axınlarını və regional inteqrasiyanı asanlaşdırmaqda mühüm rol oynayır. 2024-cü ildə Azərbaycanın dəmir yolu tranzit tutumu 11 milyon tona çatıb, Bakı-Tbilisi-Qars dəmir yolu isə 5 milyon ton həcmə malik olub. Bu irəliləyiş Azərbaycanın Xəzər dənizindəki 50 ticarət gəmisi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və 8 beynəlxalq hava limanı kimi əsas infrastruktur layihələri ilə dəstəklənir, bu da ölkənin vacib logistika mərkəzi rolunu gücləndirir. Azərbaycanın "Rəqəmsal Nəqliyyat Dəhlizi" adlanan, gömrük, fitosanitar və sərhəd nəzarətini asanlaşdıran vahid rəqəmsal platformanın inkişafında da mühüm rolu var ki, bu da dəhliz boyunca tranzit vaxtlarını və xərclərini azaldır.
Sammitin digər əsas mövzusu enerji sahəsində əməkdaşlıq olub. Türk dünyasının təbii qazdan bərpa olunan enerji mənbələrinə qədər zəngin enerji resursları regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Azərbaycan boru kəmərləri və enerji ötürmə xətləri inşa etməklə yanaşı, eyni zamanda günəş və külək enerjisi layihələrinə investisiya qoyur. Bu sahələr üzrə fəaliyyət TDT üzv dövlətlərinin qlobal enerji bazarındakı dalğalanmalara qarşı dayanıqlılığını artırmağı hədəfləyir.
Macarıstan xüsusilə Cənub Qaz Dəhlizi layihəsindəki fəal iştirakı ilə Azərbaycanın yaşıl enerji strategiyasına dəstək verir. Qara dənizin dibindən çəkiləcək yeni sualtı kabel layihəsində isə Xəzər və Cənubi Qafqazda istehsal olunan bərpa olunan enerjini Avropaya nəql etmək üçün fəal rol oynayır. Macarıstanın “MOL Group” şirkətinin "Azəri-Çıraq-Günəşli" yatağında payı və Bakı-Tbilisi-Ceyhan boru kəmərindəki iştirakı, SOCAR və MVM arasında imzalanan qaz müqavilələri Azərbaycan-Macarıstan enerji əməkdaşlığını gücləndirir.
Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı ötən il Azərbaycanda COP29 kimi mötəbər konfransın keçirilməsinə də toxunub. Qeyd edilib ki, bu mötəbər tədbir 200 ölkənin yekdil qərarı ilə Azərbaycanda keçirilib. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkilinə nail olunub. Tədbirdə 197 ölkəni təmsil edən 77 min iştirakçı, 70 dövlət və hökumət başçısı iştirak edib. Nəticə etibarı ilə Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Ölkəmizin əsas uğurlarından biri bu Konfrans nəticəsində inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşma oldu. Həmçinin Azərbaycan 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail oldu, eləcə də İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.
Təkcə sadalanan nailiyyətlər deyil, həm də COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Bütün bu uğurlu addımların nəticəsi olaraq, Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatına bu sahədə böyük töhfə verən əsas tərəfdaşdır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri