Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Hər bir xalqın ana dili onun milli sərvətidir. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atmışdı. Məhz Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Təbii ki, bu istiqamətdəki fəaliyyətində Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir.
Ulu öndər Heydər Əliyev 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edərək 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklifini irəli sürdü: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunaraq Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu öndər Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”, “Bizim Azərbaycan dili şeir dilidir”, “ Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”, “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.”
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi Fərmanlar ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirmiş, onun dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirmişdir. Bu tarixi qərarlar bütövlükdə götürdükdə Azərbaycan dili və dil mədəniyyətimiz qarşısında yeni imkanlar və geniş üfüqlər açmışdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir. Xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri