Heydər Əliyev bütün həyatı boyu xalqının xoşbəxtliyi, əmin-amanlığı və firavanlığı naminə çalışmışdır. Təsadüfi deyildir ki, bu gün müxtəlif sahələrdə tədqiqatlar aparan mütəxəssislər Heydər Əliyevin məhz həmin sahəyə daha çox diqqət ayırdığını qeyd edirlər. Bu isə Ulu Öndərin hər bir sahəyə dərin diqqət və qayğısının, bütün sahələrin inkişafını həmahəng sürətdə həyata keçirdiyinin bariz göstəricisidir.
1993-cü il iyunun 15-də müstəqillik yolu ilə addımlayan xalqının köməyinə gələn Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” və sair qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edir.
Ümummilli Lider Heydər Əliyevin səhiyyə siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin səhiyyə siyasəti tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və görülən digər tədbirlər respublikamızı dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.
Bu gün Azərbaycanda səhiyyə sistemi dinamik inkişaf edir, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təqdir olunur. “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”, - deyən Prezident İlham Əliyev vətəndaşların sağlamlığına göstərilən qayğının gələcək nəsillərin sağlamlığının təminatçısı olduğunu bilir və bu sahədə öz səylərini əsirgəmir, əzmlə çalışır, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu işıqlı yolla inamla irəliləyir.
Natəvan Axundova
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının
ginekoloq- endokrinoloqu, Professor, Tibb elmləri doktoru