kanal1

Xocalı faciəsi tarixdə min illərlə nifrətlə xatırlanacaq

Tarix:24-02-2022, 10:53

Xocalı faciəsi  tarixdə min illərlə nifrətlə xatırlanacaq
Xocalı Azərbaycanın Qarabağ regionunda yerləşən rayondur. Onun ərazisi Azərbaycan Sovet Sosialist Respublikası (SSR) nəzdində yaradılan və 26 noyabr 1991-ci il tarixinə kimi mövcud olmuş keçmiş Dağlıq-Qarabağ Muxtar Vilayətinin (DQMV) bir hissini təşkil edirdi.

1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladı. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Keçmiş DQMV ərazisində yerləşən rayonlardan biri olan və 940 kv.km əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.

1991-ci ilin oktyabr ayından etibarən bu rayon tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsildi və helikopter yeganə nəqliyyat vasitəsinə çevrildi. Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırdı. 1992-ci ilin yanvar ayından etibarən şəhərə elektrik təchizatı kəsildi. Xocalı ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı.

Xocalını işğal etməklə Ermənistan Qarabağ regionunun digər şəhərlərini işğal etmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü.
1992-ci ildə Azərbaycan siyasi qeyri-sabitliyin zirvəsini yaşayırdı və Xocalı soyqırımının müəllifləri və icraçılarına görə mülki şəxslərin kütləvi qırğını daxili siyasi vəziyyəti daha da gərginləşdirməli idi. Bundan əlavə, mülki hava limanının yerləşdiyi Xocalının işğalı, Ermənistana strateji üstünlük və Qarabağın qalan şəhərlərini işğal etmək üçün geniş imkanlar verirdi.

Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu soyqırımı nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirilməsi və bunların içərisində körpə uşaqların da olması baş vermiş hadisənin hər bir anlamda insanlığa yönəlik cinayət olduğundan xəbər verir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Xocalı faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra hüquqi-siyasi qiymətin verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Ümummilli liderimizin “Xocalı soyqırı­mı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xoca­lı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Erməni vəhşiliklərini əks etdirən materialların xarici ölkələrdə, beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsi məqsədi ilə sərgilər təşkil edilir, müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər yayılır. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Azərbaycana qarşı həyata keçirilən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımı insan hüquqlarının və beynəlxalq hüququn ciddi şəkildə tam pozulmasıdır.

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərlədirən qətnamə və qərarlar qəbul ediblər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımını kəskin şəkildə pisləməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul ediblər.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək”.

44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq xalqımız mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bu Zəfər o faciələrin ağrı-acı­larını yumşaltdı, təsəlli oldu...

Xocalı faciəsindən 30 il keçir. Belə faciələr unudulmayacaq, tariximizin bir səhifəsi kimi həmişə anılacaq. Anılacaq ki, yeniyetmələr, gənclər Vətəni daha böyük məhəbbətlə sevsinlər. Anılacaq ki, düşmən belə vəhşilikdən çəkinsin, Azərbaycanın dövlət sərhədlərinə yaxınlaşmağa cəsarət etməsin.


Zaur Nizami oğlu Dəmirov
23 Saylı Notariat Ofisinin Xüsusi Notariusu

Öncədən planlaşdırılmış cinayət
Öncədən planlaşdırılmış cinayət
Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi
Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi
Əsgərimiz özünü öldürüb - Rəsmi
Əsgərimiz özünü öldürüb - Rəsmi
Daha bir təyyarə qəzası - 10 nəfər həlak oldu
Daha bir təyyarə qəzası - 10 nəfər həlak oldu
İsrail məktəbi vurdu - ölənlər var
İsrail məktəbi vurdu - ölənlər var
Ərdoğan prezidentliyə namizədliyini irəli sürəcək?
Ərdoğan prezidentliyə namizədliyini irəli sürəcək?
Fransada dəhşətli virus: İnsanlar ölənə qədər rəqs edir…
Fransada dəhşətli virus: İnsanlar ölənə qədər rəqs edir…
Putin işğalçı hücuma buna görə cəsarət etdi - Kuleba
Putin işğalçı hücuma buna görə cəsarət etdi - Kuleba